×
A
A
A
Sazlamalar

Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 9,5 faiz artıb

Naxçıvan, 30 iyun, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 587,4 manata çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Ortaaylıq əməkhaqqının artımı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə görülən işlər də insan amilinin ön planda tutulmasını aydın şəkildə nümayiş etdirir. Bu istiqamətdə görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mühüm rolu var.

Regionlar 2022-06-30 14:39:00