×
A
A
A
Sazlamalar

Balakənli kümçülər bu il 31,5 tona yaxın yaş barama istehsal ediblər

Balakən, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda barama tədarükü başa çatıb. Rayonun kümçüləri bu il qəbul məntəqəsinə 31 ton 495,2 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 270 kümçü ilə müqavilə bağlanılıb, onlara 885 qutu və ya 16,8 kiloqram ipəkqurdu paylanılıb.
Qurum rəsmisinin sözlərinə görə, Qazma kəndindən Tahir Məmliyev builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 490 kiloqram barama təhvil verib. İtitala kəndindən Rəyyət Hüseynova bu il 410,2 kiloqram, Qullar kəndindən Aybəniz Süleymanova 333,8 kiloqram, Sarıbulaq kəndindən Ramella Mollayeva isə 316,1 kiloqram barama istehsal ediblər. Məntəqədə yaş baramanın qəbulu “Azərİpək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram baramanın əvəzində 11 manat alır.

 

 

Kənd təsərrüfatı 2022-06-30 13:38:00