×
A
A
A
Sazlamalar

ÜST: Həftə ərzində dünyada koronavirusa yeni yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı 3 faiz artıb

Bakı, 30 iyun, AZƏRTAC

Ötən həftə ərzində dünyada 4,5 milyondan çox adam koronavirus infeksiyasına yoluxub, 8,5 mindən çox adam koronavirus səbəbindən vəfat edib.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, koronavirusa yeni yoluxma hallarının və ölüm faktlarının sayı əvvəlki 7 günlə müqayisədə, müvafiq surətdə 18 faiz və 3 faiz artıb.
Bülletendə bildirilir ki, mart ayında müşahidə olunan son pik qiymətlərin ardınca başlanmış azalma meylindən sonra həftə ərzində qeydə alınmış xəstələnmə hallarının sayı yenidən artıb. Əvvəlki həftə (13-19 iyun) ilə müqayisədə dünyada koronavirusa yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı 3 faiz artıb.
Ən çox yeni yoluxma halları Şərqi Aralıq dənizi bölgəsində (47 faiz), Avropada (33 faiz) və Cənub-Şərqi Asiyada (32 faiz) qeydə alınıb. Bununla bərabər, Afrikada yeni xəstələnmə hallarının sayı nəzərəçarpacaq dərəcədə (39 faiz) azalıb. Şərqi Aralıq dənizi bölgəsində ölüm hallarının sayı 22 faiz, Cənub-Şərqi Asiyada 15 faiz və Amerikada 11 faiz artıb. Eyni zamanda bu göstərici Qərbi Sakit Okean regionunda 6 faiz, Avropada 5 faiz, Afrikada 1 faiz azalıb.
Həftə ərzində ən çox yoluxma halları ABŞ-da qeydə alınıb (701.855). Sonrakı yerləri Almaniya (504.655), Braziliya (349.791), İtaliya (340.012) və Çin (333.926) tutur.
Yeddi gün ərzində ən çox ölənlər də ABŞ-da qeydə alınıb (1997). İnformasiya bülletenində göstərilir ki, sonrakı yerləri Braziliya (1313), Çin (925), Rusiya (429) və İtaliya (355) tutur.

 

 

 

 

Səhiyyə 2022-06-30 12:53:00