×
A
A
A
Sazlamalar

Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotik vasitə ilə tutuldular

Bakı, 30 iyun, AZƏRTAC

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Eldəniz Süleymanov və əvvəllər məhkum olunmuş Tərlan Əliyev sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumi çəkisi 6 kiloqramdan çox olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı onların həmin narkotik vasitəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə etdikləri və paytaxt ərazisində satışını təşkil etməli olduqları müəyyənləşdirilib.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən son vaxtlar ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha 11 nəfər saxlanılıb.
Şəxsi axtarış zamanı onların hər birindən müxtəlif çəkilərdə narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.



 

 

Hadisə 2022-06-30 12:42:00