×
A
A
A
Sazlamalar

Məşhur aktrisa Kameron Diaz film sahəsinə qayıtmaq qərarına gəlib

Bakı, 30 iyun, AZƏRTAC

Keçmiş Hollivud aktrisası Kameron Diaz, “Akademiya mükafatı” laureatı Ceymi Foksun baş rolda çəkildiyi filmə dəvət olunduğuna görə film sahəsinə qayıtmaq qərarına gəlib.
AZƏRTAC xarici KİV-yə istinadla xəbər verir ki, özünü ailəsinə həsr etmək üçün 2014-cü ildə karyerasına son qoyan aktrisa yeni layihədə rol alacaq. Bu layihəni “Netflix” yayım platforması gerçəkləşdirəcək.
Brendan O'Brayenlə birgə yazdığı ssenariyə əsasən çəkiləcək “Dözülməz rəhbərlər” filminin rejissorluğunu Set Qordon edəcək. Hələlik süjetin təfərrüatları gizli saxlanılır. Filmin çəkilişlərinə bu ilin sonunda başlanması gözlənilir. Premyera tarixi hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, amerikalı model və aktrisa K.Diaz ona şöhrət gətirən əfsanəvi fantastik “Maska” filmi ilə kinoda debüt edib. Bu filmdən sonra aktrisa Hollivud reytinqi üzrə çox sürətlə yüksələrək, ən yüksək qonorar alan aktrisalardan birinə çevrilib. O, həmçinin “Qızıl qlobus” və digər nominasiyalar üzrə bir neçə mükafatlara layiq görülüb. Son illərdə isə Kameron Diaz özünü ailəsinə həsr etməklə yanaşı, öz şəxsi biznesi ilə də məşğul olur.

 

Mədəniyyət 2022-06-30 12:13:00