×
A
A
A
Sazlamalar

Bakıda Beynəlxalq ingilis dili təlimi konfransı başa çatıb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Şimali Karolina Dövlət Universiteti azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş 3 günlük “İngilis dilinin tədrisində mükəmməllik” təlimini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, Şimali Karolina Dövlət Universitetinin və onun yerli tərəfdaşı olan ADA Universitetinin birgə təşkil etdiyi konfransın məqsədi tələbələrinin yüksək nəticələr əldə etməsinə kömək göstərmək üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət əsaslı metodlarından istifadələrini təmin etməkdir.
Bu konfrans Şimali Karolina ştatının 14 həftəlik magistr səviyyəsindəki Müasir İngilis dili Təlimatının kulminasiya nöqtəsini ehtiva edir. ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən bu virtual kursu təqribən 100 azərbaycanlı ingilis dili müəllimi tamamlayıb. Yekun konfransa Fulbrayt və ingilis dili mütəxəssislərinin 2 günlük seminarları və ADA Universitetinin professor-müəllim heyəti və tədqiqatçılarının təqdimatları daxil idi. Tədbirdə 30 regional şəhər və qəsəbədən 350-dən çox orta məktəb müəllimi iştirak edib və ölkənin pedaqoji heyəti arasında peşəkar inkişaf imkanları üçün motivasiya nümayiş etdirib.
Konfransı giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib: “İngilis dili bizim təhsil işçilərinə gələcək nəsillər yetişdirmək imkanı verir. Bu proqram onları ingilis dili bacarıqları ilə təmin edir. Təhsil işçilərinin inkişafı ADA Universitetinin diqqət mərkəzində olan məsələlərdən biridir. Ona görə də biz Azərbaycanın Qazax rayonunda müəllimləri maarifləndirdikdən sonra Vaşinqtonda təlim keçirik ki, pedaqoqlara dünya səviyyəli təcrübə verək”.
ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer çıxışında Azərbaycan məktəblərində tədris olunan ingilis dili dərslərinin keyfiyyətini artırmaq səylərinə dəstək verən səfirliyin proqramı haqqında məlumat verib. “Azərbaycanda ingilis dili bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetdir və bu, səfirliyimizin burada nail olmağa ümid etdiyi bir çox işlərin əsasını təşkil edir. Bu daha çox azərbaycanlıya öz ölkəsinin iqtisadiyyatının şaxələndirilməsində iştirak etməyə, dünyada ingilis dilində danışan 1,4 milyard insanla ünsiyyət qurmağa, Hollivud filmlərindən zövq almağa, planetimizin ən çox istifadə olunan dilində kitab və qəzet oxumağa kömək edəcək”, - deyə səfir bildirib.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov diqqətə çatdırıb ki, ümumi təhsil məktəblərində ingilis dilinin tədrisi kurikulumları yenilənməkdədir. Proqramların və dərsliklərin yenilənməsi üçün Təhsil İnstitutu tərəfindən müxtəlif ölkələrin təcrübələri tədqiq olunub. İngilis dili tədrisinə yeni yanaşmalar müəllimlərin peşəkar inkişafı ilə bağlı uzun müddətli ehtiyacların müəyyən olunmasını da əhatə edəcək.
İngilis dili təlimi konfransının məqsədi Bakı və Azərbaycanın regionlarından olan müəllimlər, peşəkarlar və ekspertlər üçün peşəkar inkişaf konfransında iştirak etmək və ingilis dilinin tədrisində ən son yenilikləri müzakirə etmək imkanını yaratmaq idi. Konfransda müəllim-təqdimatçılar ünsiyyət əsaslı tədris metodlarının istifadəsinə dayanan pedaqoji strategiyalar haqqında seminarlar təşkil ediblər.
Şimali Karolina Dövlət Universiteti tarixində tələbələr, eləcə də bu sahədə işləyən müəllimlər üçün faydalı olan, bir sıra mükafatlara layiq görülmüş ESL/EFL (ingilis dilinin xarici dil kimi tədrisi) proqramları xüsusi yer tutur. Ötən noyabr ayında Şimali Karolina ştatı səfirliyin dəstəyi ilə 700 azərbaycanlı müəllimin virtual ELT (ingilis dili təlimi) konfransında iştirakına ev sahibliyi edib.

Cəmiyyət 2022-06-30 10:04:00