×
A
A
A
Sazlamalar

Paytaxtın Nərimanov rayonunda 3 küçə əsaslı təmir olunub

Bakı, 29 iyun, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Aşıq Alı küçəsinədək olan 284 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb. Ortalama eni 14 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 1123 kvadratmetr sahədə bərpa olunub, küçəboyu 607 poqonometr yeni səki daşları düzülüb. Küçəboyu 4187 kvadratmetr əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Təmir işləri rayonun 261 metr uzunluğa malik Aşıq Alı və uzunluğu 275 metr olan Yəhya Bakuvi küçələrində də aparılıb.
Yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib.

Tikinti̇ 2022-06-29 19:23:00