×
A
A
A
Sazlamalar

Rəşad Rəsullu: Məqsədimiz həm güclü cüdoçu nəsli yetişdirmək, həm də yeniyetmə və gənclərin sağlamlığına nail olmaqdır

Bakı, 29 iyun, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyasının (IJF) media və kommunikasiya rəhbəri, qurumun sülh üzrə kommunikasiya direktoru, qara kəmər sahibi Nikolas Messnerin idman jurnalistləri üçün keçirdiyi beynəlxalq seminarı təşkil etməyimizdə məqsəd peşəkar jurnalistlərimizə cüdoda olan yeniliklər haqqında məlumat verməkdir. Seminarda jurnalistika karyerasına yeni başlayanlar da təmsil olunublar. Belə ki, burada Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən, eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından tələbələr də iştirak ediblər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib.
O, qeyd edib ki, tədbirin təşkilində digər məqsədimiz jurnalistlər beynəlxalq cüdo qurumunun sülh üzrə kommunikasiya direktoru Nikolası tanısınlar, onları maraqlandıran sualları birbaşa özünə versinlər: “Nikolas dəfələrlə Bakıda olub. Cüdonun populyarlaşdırılması baxımından medianın rolu çox önəmlidir. Jurnalistlərimizin cüdo idman növünü daha çox təbliğ etmələri bizim üçün böyük əhəmiyyət daşıyır. Nikolas media nümayəndələrinə cüdonu başqa tərəfdən təqdim etməyə çalışdı. O, cüdonun təkcə idman növü deyil, həm də həyat tərzi kimi böyük önəm daşıdığını bildirdi”.
Federasiya rəsmisi Azərbaycanda cüdonun kütləviləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirib: “Ölkəmizdə cüdoya böyük maraq var. Bu idman növünü daha geniş yaymaq və uşaqlarda cüdoya maraq oyatmaq üçün federasiya tərəfindən görülən tədbirlər davam edir. Belə ki, uşaqlar arasında kəmər imtahanının keçirilməsi, gələcəkdə kata yarışlarının təşkili və digər tədbirlərlə bu idman növünün ölkəmizdə daha da tərəqqisinə çalışırıq. Bu idman növünü kütləviləşdirməkdə məqsədimiz həm güclü cüdoçu nəsli yetişdirmək, həm də yeniyetmə və gənclərin sağlamlığına nail olmaqdır”.

İdman 2022-06-29 19:06:00