×
A
A
A
Sazlamalar

“Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü” başa çatıb

Konya, 29 iyun, AZƏRTAC

Azərbaycanın iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi -iyunun 29-da keçirilən “Yüksək səviyyəli müşahidəçi günü” başa çatıb.
Azərbaycanı “Yüksək səviyyəli müşahidəçi günü”ndə Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə təmsil edib.
AZƏRTAC xəbər verir ki, “Yüksək səviyyəli müşahidəçi günü” kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilib.
Yerli və xarici media nümayəndələri taktiki-uçuş təliminin iyunun 29-da olan proqramını tam şəkildə izləyiblər.
Anadolu Qartalı Təlim Mərkəzində keçirilən brifinqdə təlimlərin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verilib.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı general Həsən Küçükakyüz təlimlərin təsis edilməsi, keçilən yol, qazanılan uğurlardan danışıb.
Bildirilib ki, gerçək əməliyyatları xatırladan “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimləri pilotların, eləcə də hava müdafiə sistemi heyətlərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil olunan ortaq və qüvvələrin əlaqələndirilmiş təlimləridir.
Türkiyə, Azərbaycan, İngiltərə, Pakistan, İordaniya və NATO-nun iştirakı ilə iyunun 20-də start götürən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərinə 13 ölkə müşahidəçi qismində qatılıb.
Brifinqdən sonra “Yüksək səviyyəli müşahidəçi günü”nün iştirakçıları “Solo Türk” nümunəvi uçuşlarını izləyiblər.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatının məsul əməkdaşları ədliyyə polkovnik-leytenantı Bəxtiyar İbrahimov və mayor Sərvan Qasımzadə “Anadolu Qartalı-2022” taktiki-uçuş təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.
Qeyd edək ki, Anadolu Qartalı Təlim Mərkəzi bütün imkanlarına görə Avropada yeganə, dünyada üç hava qüvvələri təlim məkanından biridir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya

Ordu 2022-06-29 18:26:00