×
A
A
A
Sazlamalar

Zərifə Salahova “Kuba Xalqlarla Dostluq İnstitutunun 60 illik yubileyi” xatirə ordeni ilə təltif olunub

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Miniatür Kitab Muzeyində Kuba Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə “Kuba Xalqlarla Dostluq İnstitutunun 60 illik yubileyi” xatirə ordeni ilə təltif edilmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xüsusi qonaq qismində Kubanın Xalq Hakimiyyəti Milli Assambleyasının vitse-prezidenti Ana Mariya Maçato, Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Yolanda Ferrer Qomes, Xalq Hakimiyyəti Milli Assambleyasının sədr köməkçisi Zayilin Qaulyak Moraqiyes, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Dillər Universitetinin təmsilçiləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova qonaqlara muzey haqqında geniş məlumat verib. O bildirib ki, 2002-ci il aprelin 23-də əsasını qoyduğu Miniatür Kitab Muzeyində 20 il ərzində ümumilikdə 83 ölkədə çap edilmiş 8887 miniatür kitab 39 şüşələnmiş vitrində saxlanılır. Muzey fəaliyyətə başladığı dövrdən 70 min 648 ziyarətçi qəbul edib.
“Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. Muzeyin digər filialı Gəncənin Heydər Əliyev adına baş meydanında yerləşir. Burada da 1120 kitab sərgilənir. Hazırda “Şuşa İli” çərçivəsində Şuşa üçün 847 kitab hazırlanır”, - deyə Zərifə Salahova qeyd edib.
Sərgilənən kitabların əksər hissəsinin 1988-ci ildən nəşr olunduğunu deyən muzeyin rəhbəri vurğulayıb ki, təsisçisi və rəhbəri olduğu, dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi tərəfindən “Şuşa Bəyannaməsi” miniatür kitabı və İkinci Qarabağ müharibəsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətlərinin əks olunduğu miniatür kitablar da yer alır.
Qonaqları “Kuba guşəsi” ilə tanış edən Z.Salahova onlara şəxsi təşəbbüsü ilə nəşr olunmuş “Carta de Despedida del Che Guevara a Fidel Castro”, “Los zapaticos de rosa”, “Fidel Castro Ruz - Líder eminente del pueblo cubano” miniatür kitablarının yaranma tarixi barədə məlumat verib.
Tədbirdə Kubanın ölkəmizdəki səfiri Karlos Enrike Valdez de la Konsepsiyon Zərifə Salahovaya ölkəsinə göstərdiyi dost münasibətə görə təşəkkür edərək, bunun Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində Bakıya səfər edən kubalı qonaqların ilk qatıldığı tədbir olduğunu vurğulayıb.
Kubanın Xalq Hakimiyyəti Milli Assambleyasının vitse-prezidenti, Ana Mariya Maçato, Zərifə Salahovaya “Kuba Xalqlarla Dostluq İnstitutunun 60 illik yubileyi” xatirə ordenini təqdim edib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Sonda qonaqlar Muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıblar.
Xatırladaq ki, 2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnesin rekordlar kitabı”na daxil edilib.

Mədəniyyət 2022-06-29 17:55:00