×
A
A
A
Sazlamalar

Səfir: Avropa İttifaqı su ehtiyatlarının idarə olunması sahəsində Azərbaycanın ən önəmli tərəfdaşlarından biridir

Bakı, 29 iyun, AZƏRTAC

Bu gün Zəngilana səfər etməkdən və su ehtiyatlarının davamlı idarə olunması üzrə beynəlxalq konfransda iştirak etməkdən çox şadam. Su ehtiyatlarının idarə olunması çox mühüm sahədir. Həmçinin ilk dəfə “ağıllı kənd”i ziyarət etmək fürsəti əldə etdiyimə görə çox sevinirəm.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilanda keçirilən “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” beynəlxalq konfransının iştirakçısı, Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Peter Mixalko deyib.
“Bu kənd təqdirəlayiqdir. Burada müasir konseptlərdən istifadə olunaraq bu günün tələblərinə uyğun davranılır. Bildiyiniz kimi, ağıllı kəndlər, şəhərlər Avropa İttifaqının Azərbaycan ilə olan əməkdaşlığında prioritet məsələlərdən biridir. Bu bizim iqtisadi və yatırım planlarımızda olan beş əsas təşəbbüsdən biridir. Biz Azərbaycan hökumətinin ağıllı kəndlərə dair layihələrində, onları necə planlaşdırmasında çox maraqlıyıq.
Bildiyiniz kimi, biz su ehtiyatlarının idarəetməsi üzrə konfransa başlamışıq. Bu çox vacib məsələdir. Çünki su və onu necə idarə etmək yalnız burada deyil dünyanın bütün bölgələrində mühüm məsələyə çevrilib. Avropa İttifaqı bu sahədə Azərbaycanla əməkdaşlıq edən ən önəmli tərəfdaşlardan biridir. Biz əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik. Avropa İttifaqı davamlı inkişaf üçün “yaşıl transformasiyaya” keçid etməkdə qətiyyətlidir. İnkişaf su ehtiyatlarının səmərəli istifadəsi, suyun hər kəs üçün əlçatan olması məsələlərini əhatə etməlidir”.

 

Ekologiya 2022-06-29 16:16:00