×
A
A
A
Sazlamalar

Hikmət Babaoğlu: Laçın Beynəlxalq Hava Limanının inşası Şərqi Zəngəzurun inkişafı üçün açar rolunu oynayacaq

Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Zəngəzura səfəri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasının təşkili baxımından olduqca vacib əhəmiyyətli bir səfər kimi yadda qaldı. Azərbaycan 30 il sürən işğaldan sonra öz torpaqlarını azad edib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputatın sözlərinə görə, hazırda ən ümdə milli vəzifəmiz azad olunmuş torpaqlarımızda yaşayışı bərpa etmək, insanlarımızı öz doğma yurdlarına qaytarmaqdır. Ancaq bunun üçün bir necə vacib məsələ öncədən həll edilməlidir. Birincisi sərhdlərimizdə və bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik təmin edilməlidir. Azərbaycan Ordusu və digər müvafiq qurumlarımız bu işin öhdəsindən layiqincə gəlirlər.
"Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Dövlətimizin başçısı mərasimdə çıxışı zamanı məhz təhlükəsizlik məsələlərini önə çəkərək bildirdi ki, bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlayıb, Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır. İkinci vacib məsələ erməni barbarları tərəfindən dağıdılan kənd və şəhərlərimizin yenidən qurulmasıdır ki, hazırda bu prosesin ilkin mərhələsindəyik. Yəni bunun üçün ilk növbədə yol nəqliyyat infrastrukturu da daxil olmaqla enerji və digər bütün kommunikasiyaların yaradılması vacibdir. Eyni zamanda, yurd yerlərinə qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir. Ona görə də Azərbaycan Prezidenti Laçın və Kəlbəcərdə bir neçə su elektrik stansiyalarının təməlini qoydu. Kəlbəcərdə “İstisu” sanatoriyasının və İstisu mineral su zavodunun tikinti işlərinə start verdi. Tikilməkdə olan körpü və yolların tikinti işləri ilə tanış oldu", - deyə H.Babaoğlu qeyd edib.
Deputat bildirib ki, Laçın Beynəlxalq Hava Limanının və Həkəriçay Su Anbarının tikintisi Şərqi Zəngəzurun inkişafı üçün açar rolunu oynayacaq. "Ancaq məsələnin, həm də mühüm mənəvi tərəfi də var. Biz uzun illər işğal altında qalan, adlarını tələffüz etdiyimiz zaman kədərə boğulduğumuz Vətən torpaqlarına böyük coşqu ilə qayıdırıq. Bu, əsl milli qürur hadisəsidir.

Siyasət 2022-06-29 12:45:00