×
A
A
A
Sazlamalar

Həkəri çayına üç min qızılxallı forel balığı buraxılıb

Zəngilan, 29 iyun, Göyçək Mahmudlu, Azər İbrahimov, AZƏRTAC

İyunun 29-da Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə Zəngilan rayonunda Həkəri çayına üç min qızılxallı forel balığı buraxılıb.
AZƏRTAC xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, qızılxallı forel balığı yerli və bu su hövzəsinə xas növdür.
"Su hövzələrinə balıq buraxılması prosesi ənənə halını alıb. Azad olunmuş ərazilərdə ilk dəfə qızılxallı forel balıqları ötən il ölkə başçısı tərəfindən Bəsitçaya buraxılıb. Respublikanın digər ərazilərində də balıqların suya buraxılışı həyata keçirilir. Məqsədimiz su hövzələrində balıq populyasiyalarının, o cümlədən "Qırmızı kitab"a daxil edilmiş qızılxallı forel balığının populyasiyasının artırılmasına dəstəkdir. Bu il ərzində ümumilikdə 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılması nəzərdə tutulub", - deyə F.Əliyev qeyd edib.

Ekologiya 2022-06-29 12:21:00