×
A
A
A
Sazlamalar

Fumio Kişida NATO sammitinə qatılan ilk Yaponiya lideri olacaq

Tokio, 29 iyun, AZƏRTAC

Fumio Kişida Şimali Atlantika Təşkilatı (NATO) liderlərinin iyunun 29-da Madriddə başlayacaq sammitinə qatılmaqla Yaponiyanın bu danışıqlarda iştirak edən ilk Baş naziri olacaq.
AZƏRTAC xəbər verir ki, həmin sammitdə yaxın on illərdə alyansın siyasi və hərbi inkişafının yeni strategiyası qəbul ediləcək.
Yaponiyanın rəsmi dairələrinin bildirdiyinə görə, sammitə qatılan F.Kişida istənilən ölkədə status-kvonun güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğu barədə ümumi yanaşmanı bir daha təsdiq edəcək.
Səfər ərəfəsində F.Kişida jurnalistlərə bildirib: “Ümid edirəm ki, bu səfər NATO ilə əməkdaşlığı gücləndirməyə və həmçinin Avropa ilə Sakit okeanı birləşdirən azadlıq və demokratiya kimi ümumi dəyərlər naminə həmrəyliyi möhkəmləndirməyə təkan verəcək”.
Həmin gün Yaponiyanın Baş nazirinin ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya lideri Yun Sok Yol ilə görüşəcəyi də bildirilir. Bu, 2017-ci ilin sentyabrından bəri liderlərin ilk üçtərəfli görüşü olacaq. Görüşdə Şimali Koreyanın nüvə və raket proqramlarının qarşısının alınması yollarının müzakirə ediləcəyi gözlənilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-06-29 12:12:00