×
A
A
A
Sazlamalar

BMT Əfqanıstanda zərər çəkənlərə yardım üçün 110 milyon dollar istəyib

Bakı, 29 iyun, AZƏRTAC

BMT donorlara müraciət edərək Əfqanıstanın zəlzələdən zərər çəkən sakinlərinə fövqəladə yardım üçün 110 milyon dollar ayırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin saytında yerləşdirilən məlumata görə, tələb olunan məbləğ yaxın üç ay ərzində təbii fəlakətdən ən çox zərər çəkən Paktika və Host əyalətlərində 362 min insana təcili yardım göstərmək üçün nəzərdə tutulub.
“Yeni müraciət Əfqanıstan üçün bu il 4,4 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan humanitar planının prioritet hissəsidir. Təəssüf ki, plan cəmi 34 faiz maliyyələşib”, - deyə hesabatda bildirilir.
Ötən həftə BMT-nin fövqəladə hallar üzrə humanitar koordinatoru Martin Qriffits mərkəzi fövqəladə hallara reaksiya fondundan Əfqanıstana 10 milyon dollar ayrılacağını elan edib.
Xatırladaq ki, iyunun 22-də yerli vaxtla saat 01:30-da Əfqanıstanın cənub-şərq bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. BMT-nin məlumatına görə, təbii fəlakət nəticəsində 800-ə yaxın insan həlak olub, 1400-dən çox insan isə yaralanıb.

 

 

Dünya 2022-06-29 11:50:00