×
A
A
A
Sazlamalar

Jurnalistlər üçün beynəlxalq seminar keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Beynəlxalq Cüdo Federasiyasının (IJF) media və kommunikasiya rəhbəri, qurumun sülh üzrə kommunikasiya direktoru, qara kəmər sahibi Nikolas Messnerin spikerliyi ilə idman jurnalistləri üçün beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bu il ACF-in 50 illik yubileyinin qeyd olunacağını bildirib. O, yubiley çərçivəsində tədbirlərin keçiriləcəyini və seminarın ilk belə tədbir olduğunu bildirib. R.Rəsullu 50 illik yubileylə bağlı loqoda 50 rəqəmi, ACF abreviaturası və yapon heroqliflərindən istifadə olunduğunu vurğulayıb.
Sonra yubileylə bağlı videoçarx nümayiş olunub.
Daha sonra N.Messner çıxış edərək Azərbaycana bir neçə dəfə gəldiyi üçün ölkədə cüdonun vəziyyətindən məlumatlı olduğunu deyib. Dörd yaşından cüdo ilə məşğul olduğunu bildirən cüdo mütəxəssisi həyatını bu idman növünə həsr etdiyini bildirib: “London-2012-dən etibarən bir neçə Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Olimpiya çempionu olmaq istəsəm də bu, mənə mütəəssir olmayıb. Cüdo mənə ən əsası əxlaqi dəyərləri gətirib. Bu, mənim üçün hər hansı medaldan, tituldan da vacibdir”.
IJF rəsmisi qeyd edib ki, 1882-ci ildə Yaponiyada yaradılmış cüdo bir sıra növlərlə müqayisədə gəncdir. O, Jiqoro Kanonun bu döyüş sənətinin yaratdığı zaman cəmi 22 yaşında olduğunu bildirib.
Əslən fransalı olan Messnerin sözlərinə görə, hazırda vətənində cüdo ilə 1 milyonadək insan məşğul olur. Onlardan yalnız 2 min nəfərə qədəri Olimpiya çempionu olmaq istəyir. Digərləri sadəcə, özləri üçün məşq edirlər.
Müzakirələr zamanı R.Rəsullu bildirib ki, hazırda Azərbaycanda cüdo ilə 10 min 500 nəfər məşğul olur və onlardan 800-ü peşəkar səviyyədədir.
Sonra təlimçi cüdonun fəlsəfəsi barədə məlumat verib. Seminar praktiki hissə ilə davam etdirilib.
Seminarın nəzəri hissəsində Nikolas Messner iştirakçılara cüdonun prinsipləri, dəyərləri, bugünkü inkişafı və IJF-in əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bununla yanaşı, o, qurumun idman və təşkilati qaydaları, turnirlərin sistemi və iyerarxiyası, reytinq xallarının hesablanması və digər mövzular haqqında danışıb.
Daha sonra Nikolas Messner Azərbaycan milli yığmasının aparıcı üzvləri Orxan Səfərov, Rüstəm Orucov və Səid Mollayidən müsahibə götürüb və seminar iştirakçılarına cüdo idman növü üzrə elit idmançılardan müsahibə götürmək texnikalarını və yanaşmalarını nümayiş etdirib.
Seminarın praktiki hissəsində isə Nikolas Messner Səid Mollayi və Orxan Səfərovun iştirakı ilə seminar iştirakçılarına cüdo prinsipləri ilə yaxından tanış olmaları üçün müxtəlif fəndləri nümayiş etdirib.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

İdman 2022-06-29 11:51:00