×
A
A
A
Sazlamalar

Nəsimi rayonundakı obyektdə baş vermiş yanğın nəticəsində iki konteyner, tikinti materialları və avtomobillər yanıb

Bakı, 29 iyun, AZƏRTAC

Xəbər verildiyi kimi, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət iki ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100 kvadratmetr sahəyə yığılmış tikinti materialları, bir ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb. Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 millimetr olan qaz xətti yanğından mühafizə olunub.

 

Hadisə 2022-06-29 10:19:00