×
A
A
A
Sazlamalar

Misirli siyasətçi: Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs gətirib

Qahirə, 29 iyun, AZƏRTAC
İyunun 30-da Azərbaycanda keçiriləcək Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında ərəb ölkələri, o cümlədən QH-in təsisçilərindən biri olan Misir Senatının spikeri Əbdel Vahab Əbdel Razeqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti də iştirak edəcək.
Misir parlamentinin keçmiş üzvü, “Əl-Hivar” Strateji Araşdırmalar və Media Mərkəzinin sədr müavini, professor Hişam Məqdi bu mühüm tədbirlə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çox mötəbər tədbirlərin təşkil olunduğunu qeyd edən misirli siyasətçi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü Misirdə və təşkilata üzv olan digər ərəb ölkələrində yüksək qiymətləndirilib. “Mən deyərdim ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatına yeni nəfəs verib, pandemiya, başqa qlobal çağırışlarla bağlı keçirilən sammitlərdə önəmli qərarlar qəbul olunub. Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2020-ci il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupunun formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirib”.
H.Məqdi diqqətə çatdırıb ki, son illərdə böyük uğurlar qazanan qalib ölkə Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində daha bir mötəbər tədbirə ev sahibliyi etməsi onun yüksək beynəlxalq nüfuzunun göstəricisidir. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfrans hazırkı mürəkkəb beynəlxalq şəraitdə qlobal sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından da əhəmiyyətlidir. Bu tədbirdə iştirak edəcək 40-dan çox ölkənin qanunverici orqanlarının rəhbərləri və nümayəndələri, həmçinin 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri hazırda dünyada baş verən prosesləri – müharibə və silahlı münaqişələrin qarşısının alınması, qlobal iqtisadi, enerji böhranı, humanitar fəlakət kimi vacib problemləri müzakirə edəcəklər.
“Ümidvaram ki, müzakirələrin yekununa dair qəbul olunacaq Bakı Bəyannaməsi Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin fəaliyyətində bir yol xəritəsi olacaq. Eyni zamanda, yaradılacaq yeni qurum dünyada baş verən mühüm aktual proseslərlə bağlı qanunverici orqanların əlaqələrinin koordinasiyası baxımından da böyük əhəmiyyət kəsb edəcək.
Bakı konfransının işinə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”, - deyə professor Hişam Məqdi qeyd edib.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Siyasət 2022-06-29 05:09:00