×
A
A
A
Sazlamalar

Emin Hüseynov: Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünya üçün nümunədir VİDEO

Katovitse, 29 iyun, AZƏRTAC
Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası iyunun 28-də panel və müzakirələrlə davam edib.
AZƏRTAC xəbər verir ki, şəhər və yaşayış məskənlərinin müasir yanaşma üsulları ilə yenidən qurulması və bərpasına dair panel müzakirələrdə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ərazilərin bərpası və yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb.
Emin Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işləri həm UN HABITAT qurumu, həm də Ümumdünya Şəhər Forumunun iştirakçıları üçün yeni perspektivlər açır. Azərbaycan 9-u şəhər olmaqla tamamilə dağıdılmış yüzlərlə yaşayış məskənin sıfırdan bərpa prosesinin necə aparıldığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Bu gün Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada presedenti olmayan meqalayihədir.
“Azərbaycan hökumətinin ilyarım ərzində həyata keçirdiyi işləri təqdim edəndə tədbir iştirakçıları bir daha şahid oldular ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə son dərəcə iddiali layihələr həyata keçirməkdədir, Qarabağda aparılan bərpa-quruculuq işlərini tamamilə ayrı müstəvidə qiymətləndirmək lazımdır”, - deyə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünya üçün nümunədir. Emin Hüseynov deyib: “Heç kim müharibə və dağıntılar arzulamır, lakin təəssüf ki, müasir dövrümüzdə müharibə və münaqişələrin sayı azalmaq bilmir. Total dağıntı və vandalizm aktlarından sonra ölkələr ərazilərin bərpasını həyata keçirməkdə Azərbaycan təcrübəsindən bəhrələnə bilərlər”.
Qeyd olunub ki, belə tədbirlərdə iştirak və təqdimatlar BMT-nin Məskunlaşma Proqramı və digər qurumlarının Azərbaycanda aparılan bərpa-quruculuq işlərinə diqqət və marağını artıra bilər. Eyni zamanda Azərbaycanın təcrübəsini öyrənməklə fərqli ölkələrdə yerli şəraitə uyğunlaşdırılmış uğurlu modellərin tətbiqi üçün də imkanlar açılır: “Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu ilin payız aylarında Milli Şəhərsalma Forumunun keçirilməsi və bu sessiyada iştirak edən təşkilat və ölkə nümayəndələrinin tədbirə dəvət edilməsi planlaşdırılır”.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Katovitse 

Siyasət 2022-06-29 00:26:00

Video