×
A
A
A
Sazlamalar

Landau Şahmat Festivalında ikinci tura start verilib

Bakı, 28 iyun, AZƏRTAC

“Landau School"un və "Nine Senses" İncəsənət Mərkəzinin, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə dəstəyi ilə təşkil edilən Landau Şahmat Festivalının açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Şahmat Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Elnur Məmmədov yeniyetmələr arasında şahmat festivalının keçirilməsini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.
Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev yay tətili günlərində yeniyetmə uşaqların şahmat turnirində iştirakını onların qədim oyuna olan marağı kimi dəyərləndirib və iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yeniyetmələr arasında yarışların təşkilinin federasiya qarşısında əsas vəzifələrdən biri olduğunu söyləyib. “Landau School” rəhbərliyinə minnətdarlığını bildirən federasiya prezidenti turnirin əsl şahmat bayramı kimi yadda qalacağını vurğulayıb.
“Landau School”un baş icraçı direktoru Timur Leznik yarışın keçirilməsinə dəstək olan qurumlara təşəkkürünü bildirib. O, şahmat festivalının yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüldüyünü söyləyib və ilk dəfə təşkil edilən turnirin hər il davamlı keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Rəsmi şəxslər müxtəlif şahmat taxtalarında ilk gedişi etdikdən sonra 2-ci tura start verilib.
Qeyd edək ki, "Landau School"un "Sea Breeze" korpusunda keçirilən festivalda 4 müxtəlif yaş qruplarında 8, 10, 12, 14 yaşadək oğlan və qızlar qüvvələrini sınayırlar. 155 yeniyetmənin iştirak etdiyi turnir İsveçrə sistemi ilə keçirilir və 8 turdan ibarətdir.
Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk üç yeri tutacaq iştirakçılara qiymətli hədiyyələr və diplom təqdim olunacaq.
Şahmat festivalına iyulun 3-də yekun vurulacaq.

İdman 2022-06-28 21:11:00