×
A
A
A
Sazlamalar

Naxçıvanda daha 10 ailə özünüməşğulluq proqramına cəlb olunub

Naxçıvan, 28 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada aktiv məşğulluq tədbirlərinin icrası davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu ildən etibarən sosial tərəfdaş qismində özəl kommersiya müəssisələrinin iştirakı isə özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir. İyunun 28-də Nəqşicahan Holdinq Şirkətlər Qrupu tərəfindən 10 ailə özünüməşğulluq proqramına cəlb olunub. Həmin ailələrdən birinə 10 arı ailəsi, beşinə 2 baş iribuynuzlu, dördünə isə 20 baş xırdabuynuzlu mal-qara verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 4-ü müharibə veteranı, 5-i sağlamlıq imkanları məhdud, 2-si isə şəhid ailəsi statusunda olan şəxslərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada iqtisadiyyatın hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Yaradılmış şərait, həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna öz təsirini göstərir, yeni sosial layihələr uğurla icra olunur. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın mühüm sahibkarlıq subyektlərindən olan “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti də əhalinin məşğulluğunun təmin olunmasında yaxından iştirak edir, bu istiqamətdə həyata keçirilən sosial layihələrə öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırılıb ki, muxtar respublikada özünüməşğulluq proqramına cəlb edilmiş ailələrdən əksəriyyəti verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edib və fərdi ailə təsərrüflarını yaradıblar. Bu günədək, ümumilikdə, 4983 nəfər ailə üzvü olan 1076 ailənin özünüməşğulluğu təmin olunub, bu ailələrdən 1028-nə kənd təsərrüfatı, 48 ailəyə isə istehsal sahələri üzrə aktivlər verilib.
Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Özünüməşğulluq proqramına cəlb olunanlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2022-06-28 20:15:00