×
A
A
A
Sazlamalar

Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə "Müasir şəraitdə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri" adlı vebinar keçirilib. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycanın və Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri iştirak edərək fikirlərini bölüşüblər.
AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Anvar Nasirov Prezident İlham Əliyevin Özbəkistan səfərini tarixi səfər adlandırıb. Onun sözlərinə görə, bu səfər Azərbaycanla Özbəkistan arasında olan tarixi dostluq və qarşılıqlı fayda kəsb edən münasibətləri yeni səviyyəyə çatdırmaq baxımından böyük əhəmiyyətə malikdir. İnstitut rəhbəri əlavə edib ki, Özbəkistan Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir. Onun sözlərinə görə, iki ölkə arasında ortaq layihələrin irəli sürülməsi, ticarət, nəqliyyat dəhlizləri, kənd təsərrüfatı, regionlararası əlaqələr, energetika sahəsində əlaqələrin inkişafı üçün böyük potensial var.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Prezident İlham Əliyevin səfəri və imzalanmış sazişlər əlaqələrin inkişafı üçün çoxsaylı perspektivli sahələrin mövcud olduğunu göstərir. Qeyd edilib ki, regiondakı çətin geosiyasi vəziyyəti nəzərə alaraq təhlükəsizliyin, hərbi potensialın möhkəmlənməsi, ölkələrimizin müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində əməkdaşlıq çox vacibdir. Fərid Şəfiyev, həmçinin iqtisadi və humanitar sahədə də böyük perspektivlərin açıldığını diqqətə çatdırıb və xüsusilə nəqliyyat sahəsində imkanları vurğulayıb. Onun sözlərinə görə, Özbəkistanın da Orta Dəhlizə qoşulması həm Özbəkistan, həm də Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərmiş olar. Fərid Şəfiyev Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyinə görə təşəkkür edib və bildirib ki, Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək üçün artıq əməli addımlara başlayıb.
Müzakirələr zamanı politoloq Fikrət Sadıxov, Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Mirəziz Mirpulatov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərinin müşaviri Zöhrab Qədirov, Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəis müavini Zafar Amonov, Mərkəzi Asiya Beynəlxalq İnstitutunun şöbə müdiri Alişir Sabirov iki ölkə arasında humanitar münasibətlərdən, əməkdaşlığın vacib elementi kimi nəqliyyat sahəsində əlaqələrdən danışıblar.
Bildirilib ki, Zəngəzur dəhlizinin açılması alternativ vasitə kimi yükdaşımalarına müsbət təsir göstərəcək. Müzakirələr zamanı Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların həcmi ilə bağlı məsələlərə toxunulub. Həmçinin Özbəkistanla Azərbaycan arasında mənəvi, tarixi bağlılıq məsələləri vurğulanıb, bu əlaqələrin inkişafında ayrı-ayrı elm və mədəniyyət xadimlərinin xüsusi rolu qabardılıb.

Siyasət 2022-06-28 18:02:00