×
A
A
A
Sazlamalar

Taxıl zəmilərindən bu günədək 1,4 milyon tona yaxın məhsul yığılıb

Bakı, 28 iyun, AZƏRTAC

Bölgələrdə taxıl biçini davam edir. Hazırda Azərbaycanın 61 rayonunda biçin aparılır. Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. Bu günədək sahələrdən ümumilikdə 1364844 ton məhsul yığılıb. Biçin davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir. “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.
Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən həyata keçirilir.
Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, “Aqroservis” ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi, bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.
Bu il ölkədə 1019934 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 606338 hektarını buğda, 413596 hektarını isə arpa sahələri təşkil edir.

Kənd təsərrüfatı 2022-06-28 17:02:00