×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: Azərbaycan müasir ordu modelinə malikdir və bu istiqamətə səylərini uğurla davam etdirir

Bakı, 28 iyun, AZƏRTAC

Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir. Azərbaycan müasir ordu modelinə malikdir və bu istiqamətə səylərini uğurla davam etdirir.
Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, bu günlərdə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə yeni hərbi hissənin açılışı dövlətimizin müdafiə və təhlükəsizliyinin təmin edilməsinə verdiyi önəmi göstərir: “Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Ötən il dekabrın 24-də dövlətimizin başçısı Hadrutda birinci komando hərbi hissəsinin açılışında iştirak edib, yeni yaranan bu hərbi qüvvələrin əhəmiyyətindən bəhs edib.
Vətən müharibəsi bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, yüksək döyüş hazırlığını ortaya qoymaqla yanaşı, Xüsusi Təyinatlı Qüvvələrimizin qeyri-adi bacarığını da dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi göstərdi ki, müasir hərbi əməliyyatlarda elit hərbi hissələrə, peşəkar döyüşçülərə ehtiyac daha böyükdür və bir çox hallarda müharibənin taleyinə onların təsiri daha həlledici olur. Bu baxımdan Kəlbəcərdə ikinci komanda hərbi hissəsinin açılışını dövlətimizin müasir ordu modelinə keçidi baxımından mühüm hadisə kimi dəyərləndirirəm. Hesab edirəm ki, komanda qüvvələrinin artırılması dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasını təmin edəcək, ordumuzun döyüş qabiliyyətini gücləndirəcək”.
Polkovnik bildirib ki, Kəlbəcərdə komanda qüvvələrinə məxsus hərbi hissənin açılışındakı çıxışında dövlətimizin başçısı bir daha vətənpərvərlik tərbiyəsinin əhəmiyyətinə diqqət çəkib. Ali Baş Komandan vurğulayıb ki, torpaqlarımız işğal altında qaldığı müddətdə Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan güclənməsinə səy göstərilməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin inkişafına da xüsusi əhəmiyyət verilib, bu məsələ də hər zaman diqqət mərkəzində saxlanılıb. Dövlətimizin başçısı açıq şəkildə deyib: “Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”. Beləliklə Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində ordumuzun Qələbə qazanmasında vətənpərvərlik amilinin çox böyük rol oynadığını vurğulayıb.
“Dövlət başçısının bu fikirləri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, etibarlı şəkildə müdafiəsi baxımından mühüm rol oynadığını bir kəs daha göstərir. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları fəal olmalı, bu istiqamətdəki səylərini gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, veteranlar və veteran təşkilatları Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləməli, gənclərlə fəal iş aparmalı, onları doğru yola yönəltməlidirlər. Biz 8 Noyabr Zəfərinin nəticələrini, o cümlədən ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları bunu tələb edir”, - deyə Cəlil Xəlilov əlavə edib.

Ordu 2022-06-28 16:26:00