×
A
A
A
Sazlamalar

Könül Nurullayeva: Azərbaycan ən mürəkkəb bərpa-yenidənqurma işlərini reallaşdıran ölkə kimi xarici donorların dəstəyinə açıqdır

Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan yenidənqurma işlərində keyfiyyət və sürəti birləşdirməyin tərəfdarıdır. Bu yanaşma ölkəmizə uğurla nəticələr əldə etməyə imkan verir. Bu mənada Azərbaycanın azad olunmuş ərazilərdə tətbiq etdiyi bərpa konsepsiyasının icrası beynəlxalq səviyyədə maraqla izlənilir. Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasında bu təcrübə bir daha gündəmə gəldi. Azərbaycanın bərpa və yenidənqurma, bölgələrin və şəhərlərin inkişafı və reinteqrasiyasında unikal təcrübə yaratdığı qeyd olundu.
Məlumdur ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Prezident İlham Əliyevin sessiyada çıxışı zamanı da qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni 9 şəhər, yüzlərlə kənd salınır, yeni infrastruktur yaradılır. Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Təbii ki, beynəlxalq təşkilatların da bu prosesə qoşulması arzuolunandır. Dövlətimizin başçısı ümumdünya şəhər forumunda işğaldan azad olunan üç rayonumuzda BMT, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarını birgə dəyərləndirdiyini xatırlatdı. Eyni zamanda, Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə (“UN-HABITAT”) daha sıx əməkdaşlıq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu proqram donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır və ölkəmiz xarici donorların dəstəyinə açıqdır. Məlumdur ki, 2009-cu ildə Şri-Lankada münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.
“Məsələ burasındadır ki, Azərbaycan yenidənqurma işlərinə minaların təmizlənməsi ilə başlayıb. Bu isə ölkəmizin ən mürəkkəb bərpa-yenidənqurma işlərindən birini həyata keçirdiyini təsdiqləyir. Bu barədə dövlətimizin başçısı forumda çıxışı zamanı qeyd etdi və beynəlxalq auditoriyanın diqqətinə çatdırdı ki, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan çox mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu mənada bu mürəkkəb prosesə dəstək mütləqdir və şübhəsiz, təşkilatın mütəxəssislərinin Azərbaycanda da azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə cəlb olunması bu prosesi daha da sürətləndirə bilər. Məlumdur ki, Azərbaycan ilə UN-HABITAT arasında bu il Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir. Bu Azərbaycanın da qarşı tərəf üçün maraqlı tərəfdaş olduğunu deməyə əsas verir”, - deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.

Siyasət 2022-06-28 12:44:00