×
A
A
A
Sazlamalar

Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında Şuşada aparılan bərpa-quruculuq işlərindən danışılıb VİDEO

Katovitse, 27 iyun, AZƏRTAC
Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində lokal və regional idarəçilik orqanları rəhbərlərinin dəyirmi masası keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda yerli və regional idarəçilik orqanlarının şəhərlərin gələcək inkişafında rolu, təhsil, səhiyyə, urbanizasiya, sosial-iqtisadi inkişaf, su və enerji təminatı, məişət tullantılarının toplanması və emalı sahələrində görülməsi tələb olunan işlərdən danışılıb. Müzakirələrdə şəhər və yaşayış məskənlərinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsindən tutmuş administrativ, maliyyə, iqtisadi və digər istiqamətlərdə proseslərin dövrün tələblərinə uyğunlaşdırılmasından bəhs edilib. Eyni zamanda, şəhərdə nəqliyyatın “yaşıllaşdırılması”, infrastrukturun təkmilləşdirilməsi və koronavirus pandemiyası dövründə urban mühitdə əldə edilən təcrübənin həyat şəraiti və ümumi rifahın yaxşılaşdırılmasına toxunulub. Toplantıda, həmçinin əhalinin sıx məskunlaşdığı şəhərlərdə pandemiya dövründə daha da ağırlaşan işsizlik, yoxsulluq və daimi yaşayış yeri olmayan insanların problemləri ətrafında fikir mübadiləsi aparılıb.
Dəyirmi masada dünyanın müxtəlif ölkələrində şəhər idarəçiliyinə dair uğurlu təcrübələr təqdim olunub.
Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov tədbirdə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı, o cümlədən Şuşa şəhərini azad edib. İşğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının Sərəncamı ilə xüsusi idarəçilik formaları təsis edilib. Həmçinin Prezidentin tapşırığına əsasən, Azərbaycanın xüsusi tarixi-mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin bərpası və yenidən qurulması, şəhərin dirçəldilməsi və gələcək inkişafını təmin etmək üçün zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanılıb.
Qeyd edilib ki, yeni idarəçilik forması işğaldan azad edilmiş ərazilərdə, eləcə də Şuşa şəhərində bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı, eləcə də dövlət-vətəndaş arasında yeni keyfiyyət standartlarına söykənən xidmətlərin göstərilməsi üçün məqsədyönlü fəaliyyət göstərir.
Xüsusi nümayəndə vurğulayıb ki, Şuşada 200-ə yaxın tarix və mədəniyyət abidəsi var. Təəssüflər olsun ki, adı çəkilən şəhərdə abidələrin bir hissəsi tamamilə məhv edilib, qalanları isə yararsız vəziyyətə düşüb. Lakin işğaldan azad edildikdən sonra məscidlər, mədrəsələr, minarələr, karvansaraylar, hamamlar, türbələr, kilsələr, muzeylər və digər mühüm abidələr bərpa edilir. Şuşa qalası, o cümlədən 4 abidə artıq bərpa olunubdur.
Aydın Kərimov deyib ki, Şuşada bərpa və quruculuq işlərinin mütəşəkkil və sistemli şəkildə aparılması məqsədilə ötən ilin aprel ayından şəhərin Baş planı hazırlanıb. Sənədin əsas prioritetlərindən biri şəhərin zəngin tarixi-memarlıq irsinin və çoxəsrlik tarixi simasının qorunub saxlanılmasıdır.
Baş plana əsasən, 50 min kvadratmetr sahədə 16 qəzalı yaşayış binası sökülərək yeni məktəb binası, xəstəxana, yeni məscid, 5 ulduzlu otel, konfrans mərkəzi və televiziya qülləsinin tikintisinə başlanılıb.
Bununla yanaşı, Baş planına əsasən hazırda nüfuzlu xarici ekspertlər qrupu tərəfindən yeni dayanıqlı su təchizatı və kanalizasiya sistemi şəbəkəsi layihələndirilir və bu işlər cari ilin payızında başa çatdırılmalıdır. 2023-cü ilin əvvəlindən şəbəkə tikintisi işlərinə başlanacaq.
Qeyd edib ki, Şuşada lazımi infrastrukturun tikintisinə 44 günlük Vətən müharibəsindən dərhal sonra başlanılıb. Burada su, elektrik və enerji təminatı, əhalinin yenidən məskunlaşması üçün ciddi işlər aparılıb.
Aydın Kərimov görülən işlərlə yaxından tanış olmaq, məcburi köçkünlərin geri qayıdışına şahid olmaq və Azərbaycanın ərazilərin bərpasına dair təcrübəsini öyrənmək üçün tədbir iştirakçılarını Qarabağa, Şuşa şəhərinə dəvət edib.

Siyasət 2022-06-27 21:44:00

Video