×
A
A
A
Sazlamalar

Naxçıvanda beynəlxalq lisenziyalı məşqçilik kurslarına start verilib

Naxçıvan, 27 iyun, AZƏRTAC

Naxçıvanda badminton məşqçiləri üçün “Level 1” məşqçilik kurslarına start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşqçilik kursları Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Badminton Federasiyasının (ABF) və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Dünya Badminton Federasiyasının (DBF) dəstəyi ilə keçirilir.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində nazirliyin şöbə müdiri Taleh İbrahimov iştirakçıları salamlayıb, layihənin məqsədi barədə danışıb, müvafiq təlimlər sayəsində güclü badminton məşqçilərinin formalaşacağına və bu sahənin gələcək inkişafına olan inamını ifadə edib.
MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, ABF-nin baş katibi Ramil Hacıyev Naxçıvanda ilk dəfə olaraq “Level 1” kurslarının keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edib, məşqçilərin badminton biliklərinin təkmilləşdirilməsi və idmançıların gələcək hazırlığı baxımından layihənin böyük rola malik olduğunu vurğulayıblar.
Kursun moderatoru olan DBF-nin eksperti, eyni zamanda, Azərbaycan milli komandasının baş məşqçisi Murtuza Validarvi diqqətə çatdırıb ki, badmintonun məşqçilik təhsilindəki önəmli səviyyələrdən biri kimi “Level 1” dünyanın istənilən yerində badminton məşqçisi kimi fəaliyyət göstərməyə imkan verən tədris kursudur. Digər mərhələlərdə isə milli komanda məşqçisi, təlimçi və ekspert kimi formalaşmaq mümkündür.
Sonra kursa start verilib. İlk gün iştirakçılarla tanışlıq olub, onların badminton bilikləri və bu sahə ilə bağlı fikirləri yoxlanılıb, ilkin məlumatlandırıcı seminar keçirilib. İyulun 4-dək eyni məkanda hər gün nəzəri və texniki təlimlər təşkil ediləcək. Kurslara muxtar respublikanın şəhər və rayonlarından 22 məşqçi və fiziki tərbiyə müəllimləri qatılıb. Sonda imtahanlar keçiriləcək və buna əsasən də, uğur qazananlara məşqçilik sertifikatları təqdim olunacaq.
Qeyd edək ki, bu kurs MOK-un 30 illik yubileyi ərəfəsində tədbirlər planında nəzərdə tutulan ilk texniki kursdur.

Regionlar 2022-06-27 19:32:00