×
A
A
A
Sazlamalar

Çaylarda sululuğun artacağı gözlənilir

Bakı, 27 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, intensiv yağışlar nəticəsində iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kürətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir.
Qeyd olunub ki, hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir. Son günlər intensiv leysan yağışları nəticəsində Kiçik Qafqaz ərazisindən axan bəzi çaylarda da sululuq artıb, qısamüddətli sel keçməsi müşahidə olunub. Qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Ekologiya 2022-06-27 17:54:00