×
A
A
A
Sazlamalar

Rotterdam “Life 24” televiziya kanalında Azərbaycan Silahlı Qüvvələri haqqında veriliş yayımlanıb

Rotterdam, 27 iyun, AZƏRTAC

Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən “Life24” televiziya kanalının “Can Azərbaycan” verilişində 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov və sədr müavini, tanınmış rəssam Rasim Hüseynov verilişin qonağı olublar.
Verilişdə Azərbaycan Silahlı Qüvvələrinin tarixindən, 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun şanlı Zəfərindən danışılıb, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.
Azərbaycanın çətin günləri xatırlanaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət, Azərbaycan Prezidentinin müdrik siyasətinin nəticəsi olan Zəfər Günü verilişin əsas mövzusu olub.
30 illik Qarabağ həsrəti Rasim Hüseynovun əsas yaradıcılıq mənbəyinə çevrilərək, ona əsərləri vasitəsilə doğma yurdu ilə ruhi və mənəvi təmas yaratmağa imkan verib. O, Azərbaycan miniatür sənətindən, milli xalça rəng çalarlarından ilham aldığını bildirib.
BAK-ın 16 illik fəaliyyətindən söz açan Elsevər Məmmədov həyata keçirdikləri xeyriyyə layihələrindən danışıb. O, 44 günlük Vətən müharibəsində Niderlandda fəaliyyət göstərən türk icmaları ilə birləşərək ölkəmizə göstərdikləri maddi və mənəvi dəstəkdən bəhs edib. Azərbaycan diasporunun son illərdəki uğurlu fəaliyyəti, xaricdə fəaliyyət göstərən qurumlara əvəzsiz dəstəyini vurğulayıb. Verilişdə Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayından - Zəfər Qurultayından danışılıb.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Siyasət 2022-06-27 15:57:00