×
A
A
A
Sazlamalar

Turqay Abbaslı: Azərbaycan yanğınsöndürənləri Türkiyədə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir

Muğla, 27 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsindəki meşə yanğınlarının söndürülməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir. Azərbaycanın “BE-200ÇS” amfibiya tipli təyyarəsinin fəaliyyəti meşə yanğınlarının söndürülməsində və soyutma işlərində əhəmiyyətli təsirə malik imkanlara sahibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.
Türk ictimaiyyətinin Azərbaycandan gələn qardaş köməyini böyük hərarətlə qarşıladığını diqqətə çatdıran T.Abbaslı bildirib ki, yanğınsöndürənlərimiz qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsində böyük fədakarlıqla iştirak edirlər.
T.Abbaslı “Bura bizim öz vətənimizdir. Nəinki meşələrin, bir ağacın da yanıb məhv olmasını istəmərik. Əminik ki, ən qısa zamanda meşə yanğınları təhlükəsi və riski arxada qalacaq”, - deyə fikirlərini davam etdirib.
Qeyd edək ki, “BE-200ÇS” amfibiya tipli təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla

Cəmiyyət 2022-06-27 14:48:00