×
A
A
A
Sazlamalar

Astarada "Vətən aşiqləri" kitabının təqdimat mərasimi keçirilib

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayon Alaşa kənd “Məhəmməd” məscidi dini icmasının təşkilatçılığı ilə reallaşdırılan “Şəhidlərimiz qürur yerimizdir” adlı layihə çərçivəsində İkinci Qarabağ müharibəsində astaralı qəhrəmanların döyüş yolunun əbədiləşdirilməsi məqsədilə yazıçı Gülnar Əsədlinin müəllifi olduğu “Vətən aşiqləri” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Fondun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Sonra şəhid övladları və tədbir iştirakçılarının ifasında Azərbaycanın Dövlət Himni ifa olunub.
Çıxışlar zamanı yazıçı Gülnar Əsədlinin astaralı şəhidlərin və qazilərin qəhrəmanlıqlarından, keçdikləri həyat və döyüş yollarından bəhs edən kitabın çap edilməsini onların xatirəsinin yaşadılması və təbliği baxımından yüksək qiymətləndirilib.
Vətən müharibəsində Azərbaycanın düşmən üzərində parlaq Qələbəsinə, tarixi torpaqlarımızın geri qaytarılmasına diqqət çəkən natiqlər tədbir iştirakçılarını 26 İyun -Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər.
Sonda vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.

Cəmiyyət 2022-06-27 07:08:00