×
A
A
A
Sazlamalar

Əli Əlizadə: Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcmi cari ilin ötən dövrü ərzində 20 faiz artıb

Tehran, 26 iyun, AZƏRTAC

İyunun 26-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdə mövcud olan faydalı əməkdaşlığı vurğulayaraq. Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. COVID-19 pandemiyası dövründə sərhədlərin tranzit və ikitərəfli ticarət üçün bağlanmadığını və yükdaşımaların davam etdiyini bildirən Əli Əlizadə, 2021-ci il ərzində Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcminin 30 faiz, cari ilin ötən dövrü ərzində isə 20 faiz artığını bildirib, bu işdə iş adamlarının və özəl şirkətlərin fəaliyyətinin önəmli olduğunu diqqətə çatdırıb.
Azərbaycan və İran Prezidentlərinin Aşqabad görüşünün iki qonşu dövlət arasındakı münasibətlərdə yeni səhifə açdığını, İranın yeni hökuməti ilə əməkdaşlıq çərçivəsində qısa zamanda hazırlanaraq imzalanmış qaz mübadiləsi sazişinin, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün və digər bu kimi layihələrin bunun əyani təzahürü olduğunu bildirib.
Səfir 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi ilə Azərbaycanın İran ilə 132 kilometrlik sərhəd hissəsinin də azad olunduğunu və əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yarandığını vurğulayıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin çərçivəsində inşa ediləcək Rəşt-Astara dəmir yolunun tranzit və nəqliyyat əlaqələrinin artmasına verəcyi tövhəni vurğulayan səfir, hazırda Azərbaycan hökumətinin sərmayəsi ilə Astarada dəmir yolu yük terminalının tikintisinin davam etdiyini bildirib. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması haqqında iki dövlət arasında imzalanan sazişin də nəqliyyat və tranzit imkanlarının artmasında böyük rol oynayacağını vurğulayıb.
İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi qeyd edib ki, İran ilə Azərbaycan xalqları ortaq tarixi köklərə, mədəniyyətə, adət-ənənə və dinə malikdirlər. Bu yaxınlıq əməkdaşlıq əlaqələrinin daha ya artırılmasını şərtləndirir. Hər iki dövlətin prezidentinin siyasi xətti daha yaxın iqtisadi əlaqələr qurmaqdan ibarətdir və rəhbərlik etdiyi Palatanın hər zaman ikitərəfli ticari əməkdaşlığın genişlənməsi üçün səyləri artırmağa, iş adamlarının görüşlərinin təşkilinə və qarşılıqlı sərmayələrin həyata keçirilməsinə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

İqtisadiyyat 2022-06-26 23:56:00