×
A
A
A
Sazlamalar

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub

Tərtər, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtər rayonundakı N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, veteranların, ictimaiyyət nümayəndələrinin, əsgər və zabit heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu sahədə xidmətlərindən bəhs edib. Bildirib ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edib.
Vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, şəhid Elnur Abbasovun atası Yaşar Abbasov əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər. Bildirilib ki, bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və sair vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının təzahürüdür.
Tədbirdə Tərtər Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib.
Xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Regionlar 2022-06-25 22:10:00