×
A
A
A
Sazlamalar

Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib

Bakı, 25 iyun, Həsrət Mahmudova, AZƏRTAC

İyunun 25-də Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 170-dək idmançı mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev qeyd edib ki, yarışın keçirilməsində məqsəd ölkəmizdə güc idman növlərinin inkişaf etdirilməsidir. Eyni zamanda istedadlı idmançıları yetişdirmək və beynəlxalq yarışlara göndərmək, idmançılar arasında rəqabəti artırmaqdır. Həmçinin Avrasiya çempionatından sonra idmançılarımızın çıxışını dəyərləndirmək və təcrübələrinin artırılmasından ibarətdir. “Federasiya beş ildir fəaliyyət göstərir. Bu beş ildə hər il yarışlar keçiririk. Ümid edirəm ki, gələcəkdə nazirliyin dəstəyi ilə çempionat daha geniş miqyasda təşkil olunacaq”, - deyə Bəxtiyar Quliyev vurğulayıb.
Federasiya rəsmisi bildirib ki, tədbirdə digər federasiyaların da idmançıları iştirak edir. O, yarışa göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.
İdmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə 55 dəst medal uğrunda güclərini sınayırlar.
İyunun 26-dək keçiriləcək çempionatda ölkəmizi 100-dək idmançı təmsil edir.

İdman 2022-06-25 19:02:00