×
A
A
A
Sazlamalar

Fəxriyyə Xələfova: Vətən, millət, dövlət və dövlətçilik qazimiz Həşim Mədətovun həyat kredosudur

Bakı, 25 iyun, AZƏRTAC

Vətən müharibəsinin ikinci ilinin tamam olmasına az müddət qalmasına baxmayaraq, bu gün də qalibiyyətimiz, Zəfərimiz, bu Zəfərin qazanılmasında fədakarlıq göstərən Vətən oğulları və qızlarımız haqqında mövzular aktuallıq kəsb edir. Çünki bu qalibiyyəti gözləyən Azərbaycan xalqının sevinci hələ çox illər bundan sonra da davam edəcək və bu sevinc və qürur hissi davam etdikcə, bu mövzulara müraciət bitməyəcək. Vətən müharibəsi qəhrəmanları haqqında kitablar yazılacaq, dərsliklər çap olunacaq, mahnılar və biri-birindən gözəl bəstələr ərsəyə gələcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vaxtında verdiyi dəqiq və düzgün qərar xalqımıza Zəfər sevincini yaşatdı. Hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanımızla, eləcə də vətənimizin azadlığı uğrunda canından, qanından keçən qəhrəmanımızla fəxr edir. Onlar milli kimliyimizi, qürurumuzu özümüzə qaytardılar. Dünya bizim birliyimizə, qəhrəmanlığımıza şahid oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova Vətən müharibəsi iştirakçısı, III qrup Qarabağ əlili, qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı” kitabının təqdimat mərasimində deyib.
Qeyd edib ki, kitabda Həşim Mədətovun Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan, müharibənin qaynar nöqtələrində olan gərgin anlardan, şahidi olduğu real hadisələrdən, gözünün önündə şəhadətə ucalan dostlarından, qazi yoldaşlarından və ən nəhayət, özünün Tanrının möcüzəsi nəticəsində sağ qalmağından bəhs olunur.
Müəlliflə qazilərimizə həsr olunmuş bir tədbirdə tanış olduğunu söyləyən F.Xələfova deyib: “Tədbirdə dövlət və hökumət nümayəndələrinin çıxışından sonra söz qazilərə verildi. Dərin məzmunlu və qürurverici çıxışı ilə diqqətimi çəkən bu gənclə tədbirdən sonra söhbətimiz oldu. Qısa dialoqumuz zamanı Vətən, millət, dövlət və dövlətçiliyin onun həyat kredosu olduğu diqqətimi çəkdi”.
F.Xələfova daha sonra bildirib ki, kitabın nəşr olunmasında əsas məqsəd gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərini yüksəltməkdir. O, nəşrin gənc nəslin dünyagörüşünün formalaşmasında və hərtərəfli inkişafında mühüm rol oynayacağına inamını ifadə edib.

Mədəniyyət 2022-06-25 18:53:00