×
A
A
A
Sazlamalar

Mayor Vüqar Məmmədov: İkinci ildir iyunun 26-sını qalib ölkənin zabitləri kimi qeyd edirik

Bakı, 25 iyun, AZƏRTAC

Döyüşlər başlayan zaman ailəmi, iki qız övladımı Vətənə əmanət edərək cəbhəyə yollanmışdım. Gözüm arxada qalmadı, heç tərəddüd etmədən torpaqlarımız uğrunda savaşa atıldım. Çünki bilirdim ki, başıma nəyisə gəlsə, xalqımız, dövlətimiz əmanətlərimə sahib çıxacaq. Vətən müharibəsi zamanı heç bir qorxu hiss etmədən, hər şeyi gözə alaraq ilk gündən son günədək silahımıza sarılıb düşməni zəbt etdikləri ərazilərimizdən qovduq. Ölümə meydan oxuduğumuz qürurlu günləri alnıaçıq və üzüağ tamamladıq. İllərdir öyrəndiklərimizin imtahanından uğurla keçdik.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı, mayor Vüqar Məmmədov deyib.
“İkinci ildir ki, biz 26 İyun – Silahlı Qüvvələr Gününü qalib ölkənin zabitləri kimi qeyd edirik. İkinci Qarabağ müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə bütün ordu və xalq səfərbər olaraq düşmənə gücünü göstərdi. İşğal altındakı ərazilərimiz düşmən tapdağından azad olundu. Biz fəxr edirik ki, Azərbaycan Ordusunda xidmət edirik. Otuzillik həsrətdən sonra Ali Baş Komandanın qətiyyəti, ordu və xalqın vəhdəti, onların sıx birliyinin nəticəsində düşməni darmadağın etdik, torpaqlarımızı azad etməyə nail olduq. Həm şəhidlərimizin qanı yerdə qalmadı, həm də qisasımızı aldıq. Hazırda da arxayınlaşmamışıq və torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmışıq”, - deyə V.Məmmədov bildirib.
2002-ci ildən Azərbaycan Ordusunda xidmət etdiyini bildirən V.Məmmədov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, hazırda xidmətini Quru Qoşunların motoatıcı hərbi hissəsində davam edir.

Cəmiyyət 2022-06-25 18:00:00