×
A
A
A
Sazlamalar

Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub

Naxçıvan, 25 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində uşaqlar üçün “Yay məktəbi” təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Yay məktəbi”nə xüsusi qayğıya ehtiyacı olan ailələrin, şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum olmuş 47 uşaq cəlb edilib.
Ağbulaq İstirahət Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli çıxış edərək, artıq ənənə halını almış “Yay məktəb”lərinin uşaqlar üçün əhəmiyyətindən danışıblar. Bildirilib ki, muxtar respublikada uşaqlar yüksək diqqət və qayğı ilə əhatə olunublar. Dövlətimiz tərəfindən onların layiqli vətəndaş kimi yetişmələri, milli ruhda tərbiyə olunmaları, bilikli, bacarıqlı, yüksək intellektli insanlar kimi formalaşmaları üçün bütün tədbirlər həyata keçirilir. “Yay məktəb”lərinin təşkil edilməsi də uşaqların mənəvi inkişafında böyük əhəmiyyətə malikdir.
Şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova çıxışında deyib: “İstirahət üçün ideal məkan olan Ağbulaq İstirahət Mərkəzində olduğum üçün sevincliyəm. İnanıram ki, burada keçirəcəyimiz günlər xoş və maraqlı olacaq, yeni dostlar qazanacağıq. Çalışacağam ki, bu fürsəti yaxşı dəyərləndirib “Yay məktəbi”ndə fəal iştirak edim. Bizə bu imkanı yaradan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə uşaqlar adından minnətdarlıq edirəm”.
Qeyd edək ki, proqrama uyğun olaraq uşaq hüquqları ilə bağlı mərkəzdə maarifləndirici seminar keçiriləcək, Ağbulaq kəndinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar, diskussiyalar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi təşkil ediləcək. “Yay məktəbi”ndə vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayiş olunması və Şahbuz Rayon Mədəniyyət Sarayının “Batabat” İnstrumental Ansamblının iştirakı ilə konsert proqramının təşkil edilməsi də nəzərdə tutulub. Mərkəzdə keçiriləcək müsabiqə və yarışlarda fəal iştirak edəcək uşaqlar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla mükafatlandırılacaqlar. Burada istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış da keçirilib.

 

 

Regionlar 2022-06-25 16:24:00