×
A
A
A
Sazlamalar

Yay şumunun əhəmiyyəti - Fermerlərə məsləhət

Bakı, 25 iyun, AZƏRTAC

Yay fəsli payızlıq və yazlıq bitkilərin məhsulunun yığıldığı əsas dövrdür. Məhsulun kəmiyyət və keyfiyyəti isə əkin və vegetasiya dövründə sahəyə edilən aqrotexniki qulluqdan çox asılıdır.
AZƏRTAC yay şumunun əhəmiyyəti barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatını təqdim edir.
Məhsul yığımından sonra növbəti əkinə hazırlığa dərhal başlanmalıdır ki, torpaqdan yüksək məhsul götürmək mümkün olsun. Bu tədbirlərdən biri məhsul yığımından dərhal sonra sahənin şumlanaraq və ya ağır disklə üzlənərək bitki qalıqlarının torpağa qarışdırılmasıdır. Bu proses torpağın fiziki şəraitini yaxşılaşdırır. Şumlamanın 25-30 sm, ağır disklə üzləmənin isə 10-20 sm dərinliyində aparılması tövsiyə olunur.
Yay şumunun əsas əhəmiyyəti:
-Torpağın üst səthində kapiliyarları dağıtmaqla torpaqdan rütubət itkisini azaldır;
-Alaq otlarının idarə olunmasını asanlaşdırır;
-Torpaqda yaşayan zərərli orqanizmlərin məhv olmasını sürətləndirir;
-Torpaq havalanmasının yaxşılaşması ilə torpağa düşmüş herbisid, insektisid və digər kimyəvi preparatların deqradasiyası sürətlənir;
-Bitki qalıqlarını torpağa qarışdırmaqla yağışların torpağa daxil olmasının asanlaşdırır və mikroorqanizmlərin fəaliyyətini aktivləşdirir;
- Torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir;
-Asan şumlandığı üçün yanacağa qənaət olunur.
Son vaxtlar məshul yığıldıqdan sonra sahənin ağır disklə üzlənməsi daha çox tətbiq edilir. Yığımdan sonra günəş şüaları torpağı sürətlə qurudur və torpaq sıxılaraq müqaviməti artır. Belə olan halda şumlanma çətinləşir.
Digər tərəfdən şumlamanın gecikməsi ilə yanacaq sərfiyyatı 10-20 faiz artır. Təcrübələr göstərir ki, şumlamadan əvvəl torpağın səthinə azotlu gübrələrin verilməsi mikroorqanizmlərin aktivliyini artırmaqla küləşin çürüyüb torpağa sürətlə qarışmasına səbəb olur ki, bu da torpağın üzvi maddələrlə zənginləşməsi üçün vacibdir. Şumlamadan sonra torpağın səthinin hamarlanması rütubətin torpaqda qorunması baxımından çox faydalıdır.

 

Kənd təsərrüfatı 2022-06-25 13:54:00