×
A
A
A
Sazlamalar

“Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərslikləri qəbul edilib

Bakı, 25 iyun, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, dərsliklər türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.
2021-ci ildə Elmi Şuranın İstanbulda keçirilən 4-cü iclasında ortaq dərsliklərlə bağlı komissiyanın yaradılmasına qərar verilib və Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il 16-18 may tarixlərində dərslik mətnlərinin təsdiqi məqsədilə ekspertlər toplantısı keçirilib. Bu iclasda ekspertlər hər üç dərsliyin mətnlərini razılaşdırıblar.
“Ortaq Türk tarixi” dərsliyi 7 bölmədən ibarətdir və XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirir.
“Türk dünyası coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə türk dünyasının coğrafi mənzərəsinin, türklərin coğrafi anlayış və ideyalarının öyrənilməsinə yönəlib.
“Ortaq Türk ədəbiyyatı” dərsliyi isə şagirdlərdə ortaq düşüncə və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.
V Elmi Şurada qəbul edilmiş yekun protokola uyğun olaraq, tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyir, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin edir və dərsliklərin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil etməyi üzərlərinə götürürlər.
Tarixi tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Azərbaycanın təhsil naziri Emin Amrullaev, Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov, elm və ali təhsil naziri Sayasat Nurbek, Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, o cümlədən Azərbaycan, Qırğızıstan və Özbəkistanın Qazaxıstandakı səfirləri, Türkiyə və Macarıstan səfirliyinin nümayəndələri iştirak ediblər. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev tədbirə onlayn qatılıb.

Elm və təhsil 2022-06-25 00:05:00