Türkiyənin, İranın turizm şirkətlərinin təmsilçiləri və media nümayəndələri Naxçıvanın turizm potensialı ilə tanış olublar
Naxçıvan, 24 iyun, Rauf Kəngərli, AZƏRTAC
“Nuh diyarı – Naxçıvan” infoturu çərçivəsində Naxçıvan Muxtar Respublikasının turizm imkanları Türkiyənin və İranın turizm şirkətlərinə, media nümayəndələrinə nümayiş etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə infoturun iştirakçıları bu məqsədlə dini turizmin cazibədar ünvanı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və təbii şəfa mənbəyi Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Əshabi-Kəhfin sirli tarixi barədə qonaqlara ətraflı məlumat verilərək bildirilib ki, ziyarətgahın adı “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən infotur iştirakçıları ziyarətgahı gəzərək, nəhəng dağı heyranlıqla seyr ediblər.
Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların marağına səbəb olub. Qeyd edilib ki, mərkəz 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. 1980-ci ildə çarpayıların sayı 100-ə çatdırılıb. Yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Mərkəzin yeraltı sahəsində işıqlandırılma sistemi yüksək səviyyədə qurulub. Yer altındakı duz dağının qalınlığı isə 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında düz oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.
Vurğulanıb ki, mərkəzdə oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam müalicə ala bilər. Yalnız müalicə kursları fərqlidir. Uşaqlar 12-15, böyüklər isə 14-18 gün yer altında yaşamaqla müalicə almış olurlar. Burada ilin istənilən fəslində müalicə almaq olar. Mərkəz horizontal şəkildə olduğundan buraya gələn xəstələr təxminən 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır. Digər tərəfdən Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə mərkəzdə rütubətin səviyyəsini normal saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər.
Yumruqla xəsarət yetirdi, barəsində cinayət işi başlandı
Bu il GDU-dan 2050 nəfər məzun olub
“SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib