×
A
A
A
Sazlamalar

Sabunçu rayonu üzrə 12,7 kilometr uzunluğa malik qəsəbədaxili küçələr təmir olunur

Bakı, 24 iyun, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir. Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunun Kürdəxanı və Maştağa qəsəbələri ərazisində daxili küçələrdə əsaslı təmir işləri həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Kürdəxanı qəsəbəsində 1700 metr uzunluğa malik Arif Abdullayev küçəsi, 45-46-cı dalanlar üzrə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, küçəyə 12 santimetr olmaqla yeni asfalt örtüyü döşənib. Hazırda ərazidə yol çiyinlərinin doldurulması işləri aparılır.
Maştağa qəsəbəsində isə uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə isə təmir işləri davam etdirilir.
Qeyd olunub ki, cari il ərzində Sabunçu rayonu üzrə 12,7 kilometr uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.
Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçələr təmir edilib.

 

Tikinti̇ 2022-06-24 18:56:00