×
A
A
A
Sazlamalar

Sığortaçılar Assosiasiyasının nümayəndə heyəti Milli Məclisin bir qrup deputatı ilə görüşüb

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri arasında işgüzar görüş keçirilib.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili maliyyə sisteminin aparıcı istiqamətlərindən olan sığorta sahəsinin komitənin və parlamentin daim diqqət mərkəzində olduğunu deyib. O, sektordakı mövcud problemlərin həlli və nəticədə daha ideal və əlçatan sığorta sisteminin təmini istiqamətində parlament olaraq hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev deputatlara yerli sığorta bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri, eyni zamanda, assosiasiyanın fəaliyyəti haqqında məlumat veriblər. ASA rəhbərliyi Azərbaycan Mərkəzi Bankının sektorda təmin etdiyi uğurlu və səmərəli nəzarət mexanizmi nəticəsində əldə olunmuş uğurlardan, Mərkəzi Bank, ASA və İcbari Sığorta Bürosunun birgə təşəbbüsü ilə həyata keçirilən maarifləndirmə layihəsindən və assosiasiyanın yerli bazarın inkişafı məqsədilə qurduğu beynəlxalq əlaqələrdən söz açıb.
Assosiasiya rəhbərliyi parlamentarilərlə görüşdə təkliflərlə də çıxış ediblər. Bildiriblər ki, seçiciləri ilə mütəmadi keçirdikləri görüşlərdə parlament üzvlərinin sığorta xidmətlərinə xüsusi diqqət çəkməsi, bununla yanaşı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sığorta ilə bağlı mövzuların müzakirəsinə həsr olunmuş iclaslarında Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndə heyətinin dəvətli olaraq iştirakı müsbət nəticələr verə bilər. ASA rəhbərliyinin irəli sürdüyü təkliflər parlament üzvləri tərəfindən razılıqla qarşılanıb və qəbul edilib.
Daha sonra Milli Məclisin üzvləri Vahid Əhmədov və Əli Məsimli sığorta xidmətlərindən istifadənin sadələşdirilməsi və bununla da vətəndaşlarda sığortaya olan inamın gücləndirilməsi ilə bağlı əsaslı istiqamətlərə toxunublar.
Sonda tərəflər bu görüşlərin və müzakirələrin növbəti mərhələdə də davamlı həyata keçirilməsi barədə razılığa gəlib.

 

İqtisadiyyat 2022-06-24 18:47:00