×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanışlıq infotur iştirakçılarının marağına səbəb olub

Naxçıvan, 24 iyun, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanışlıq “Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, müasir urbanizasiya proseslərinin ən gözəl nümunəsini yaratmış qədim və müasir Naxçıvan şəhəri həm də çoxsaylı mədəniyyət müəssisələri, əsasən də muzeylərlə zəngindir. Belə muzeylərdən biri də şəhərin qərb hissəsində – Əcəmi seyrəngahında yerləşən bu kompleksdir. Kompleksdə Naxçıvan xanlarının sarayı, Şərq memarlığının mühüm incilərindən sayılan Möminə Xatun türbəsi və daş fiqurların nümayiş etdirildiyi Açıq Səma Altında Muzey yerləşir. Naxçıvan xanlarının iqamətgahında “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Ali Məclis Sədrinin 2015-ci il 4 fevral tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi adlandırılıb.
Bildirilib ki, Xan sarayı istər memarlıq quruluşu, istərsə də interyer dizaynı baxımından çox maraqlı və cəlbedici məkanlardan biridir. Bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Buradakı muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 2700-dən çoxdur. Həmin eksponatların 350-si ekspozisiya zallarında, 60-a yaxını Möminə Xatun və 240-dan çoxu Açıq Səma Altında Muzey Kompleksində nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur. Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu memarlıq kompleksini Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici ölkələrdən gələn turistlər də həvəslə ziyarət edirlər.
Diqqətə çatdırılıb ki, kompleksin ərazisində yerləşən Möminə Xatun abidəsi Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Abidə 1186-cı ildə tikilib. Türbənin üzərində olan əsas kitabədə abidənin təyinatı ilə əlaqədar verilən məlumatlarla yanaşı “Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar!” sözləri yazılıb. Nəinki Azərbaycan, bütövlükdə, türk-islam memarlığında ən uca və incə kompozisiyalı türbə xalqımızın qadın adına və ülviyyətinə verdiyi yüksək dəyərin ifadəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə Xatun türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “...Bu abidənin qiyməti yoxdur. Möminə Xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyində infotur iştirakçılarına məlumat verilib ki, meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında nadir quruluşa malik Bayraq Muzeyi yaradılıb. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunub. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib.
Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə də gəlib, mədəniyyət müəssisəsinin tarixi barədə məlumat alıblar. Qeyd olunub ki, XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdi. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının ərazisindəki yüzlərlə abidə dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələridir. Buranın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh Peyğəmbərin məzarının, məzarüstü türbəsinin olmasıdır. Bizim eradan əvvəl I əsrdə yəhudi tarixçisi İosif Flavi və bizim eranın II əsrində yunan coğrafiyaşünası Klavdi Ptolemey Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb, rus tədqiqatçısı K.A.Nikitin isə 1882-ci ildə nəşr etdirdiyi məqaləsində Naxçıvan şəhərinin əsasının Nuh Peyğəmbər tərəfindən qoyulduğunu qeyd edib.

Regionlar 2022-06-24 19:37:00