×
A
A
A
Sazlamalar

Ağsuda gənclərlə “Seçim həmişə var: narkotik vasitələrə yox deməyi bacar” mövzusunda görüş keçirilib

Ağsu, 24 iyun, AZƏRTAC
Ağsuda 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan “Seçim həmişə var: narkotik vasitələrə yox deməyi bacar” mövzusunda gənclərlə görüş keçirilib. Rayon Gənclər və İdman İdarəsinin, mədəniyyət mərkəzinin, mərkəzləşdirilmiş kitabxana sisteminin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə rayonun fəal gəncləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Təhmasib Məhəmmədhüseyn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə nümayəndəsi Tural Vahidov, Qafqaz Müsəlmanlar İdarəsinin Ağsu rayonu üzrə nümayəndəsi Nurəttin İslamov çıxış ediblər. Natiqlər müasir dövrün ən böyük bəlalarından, əsasən də yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə”, narkobiznesə qarşı dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıblar. Həmçinin rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər, narkomaniya ilə bağlı respublikamızda və rayondakı vəziyyət barədə ətraflı məlumat verilib.
Çıxış edənlər, habelə gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı bəhs ediblər.
Sonda “Bəla” adlı film nümayiş olunub.

Regionlar 2022-06-24 18:34:00