×
A
A
A
Sazlamalar

Yazgül Abdıyeva: Məqsədimiz oftalmologiya sahəsində olan yenilikləri region həkimlərinə çatdırmaqdır

Şəki, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyəti paytaxt Bakı şəhərində, eləcə də regionlarda oftalmologiya elminin inkişafı üçün bir sıra proqramlar, maarifləndirici tədbirlər həyata keçirir. Bu gün Şəki şəhərində keçirilən 9-cu regional konfransın da əsas məqsədi oftalmologiya sahəsində olan yenilikləri region həkimlərinə çatdırmaq, birlikdə müzakirələr aparmaq, təkliflər verməkdir. Mərkəz olaraq qarşımızda duran əsas vəzifə korluğun qarşısını almaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Şəkidə keçirilən konfransdan sonra jurnalistlərə müsahibəsində deyib.
Oftalmoloqlar Cəmiyyətinin sədr müavini bildirib ki, hazırda Milli Oftalmologiya Mərkəzinin Şəki, Gəncə, Masallı filialları ilə yanaşı, Dəmiryolu və Avtomobil səyyar klinikaları da yerlərdə əhaliyə yüksəkixtisaslı oftalmoloji yardım göstərir. “Koronavirus pandemiyasından əvvəl mərkəzin Dəmiryolu səyyar klinikasında gün ərzində 400 nəfərədək xəstəni müayinə etmək, 50-dək oftalmoloji əməliyyat aparmaq mümkün olurdu. Eyni zamanda, mərkəzin bütün filialları, həkimlər 44 günlük Vətən müharibəsi dövründə də “Biz birlikdə güclüyük!” devizi altında səfərbər olaraq, qazilərə, oftalmoloji problemi olan insanlara daim yardım və dəstək göstəriblər”, - deyə Yazgül Abdıyeva vurğulayıb.

 

 

Regionlar 2022-06-24 18:30:00