×
A
A
A
Sazlamalar

DİM-in əməkdaşları regional layihə çərçivəsində dəyirmi masada iştirak ediblər

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondu və GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Regional Fondunun birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə dövlət idarəçilik islahatı üzrə II “Peşəkar dövlət qulluğu və peşə təhsili və təlimi” layihəsi çərçivəsində onlayn dəyirmi masa keçirilib. Tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Vəli Hüseyn “Azərbaycanda dövlət qulluqçuları üçün peşəkar inkişaf imkanları” adlı təqdimatla çıxış edib. O, ölkəmizdə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da əks olunan dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi istiqaməti, DİM tərəfindən təşkil edilən təlimlər və sahə üzrə fəaliyyət, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qeyd edilən istiqamət üzrə fəaliyyəti barədə məlumat verib.
Tədbirin sonunda Alman Dövlət Qulluqçuları Birliyinin nümayəndəsi Astrid Hollmann “Almaniyada dövlət qulluqçularının Maraq Nümayəndəliyi (vəkilliyi): inkişaf yolu və cari vəziyyət” adlı təqdimatla çıxış edib.
Dəyirmi masa Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qulluğunda peşəkar inkişaf sisteminə dair təcrübə mübadiləsi məqsədi daşıyıb.

Elm və təhsil 2022-06-24 18:22:00