×
A
A
A
Sazlamalar

Qusarda hərbçilərin yürüşü böyük coşqu ilə qarşılanıb VİDEO

Qusar, 24 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusarda 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbçilərin yürüşü böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdən əvvəl general Mahmud Əbilov adına mərkəzi meydanda təşkil olunan bayram tədbirində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdən danışıblar. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, Ümummilli Liderin Azərbaycanın ordu quruculuğuna verdiyi xüsusi önəm, hərb siyasətinin bütün incəliklərinə və dəqiqliyinə bələd olması bugünkü güclü, qüdrətli və qalib Azərbaycan Ordusunun təməl prinsiplərini təşkil edir. Azərbaycan Ordusunun yaradılmasında ümummilli lider Heydər Əliyevin başladığı işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Ordumuzun müdafiə qüdrətinin, döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının gücləndirilməsi dövlətin ordu quruculuğu siyasətinin prioritet istiqamətlərindəndir.
Bayram tədbirində Vətən Müharibəsi Qəhrəmanı Renat Şıxnəbiyev, Vətən müharibəsi qazisi İlkin Alıyev çıxış edərək döyüş xatirələrindən söz açıb, Azərbaycan Ordusu ilə qürur duyduqlarını bildiriblər.
Tədbirdə qusarlıların Vətən müharibəsində xüsusi şücaət göstərdiyi, rayonun Vətən müharibəsində 38 igid oğlunu şəhid verdiyi qeyd olunub.
Bayram tədbirində hərbçilər nümunəvi çıxışlar təqdim ediblər.
Daha sonra Qusar şəhəri boyunca hərbçilərin və hərbi texnikaların yürüşü başlayıb.
Hərbi orkestrin müşayiət etdiyi yürüş şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla izlənilib.

Regionlar 2022-06-24 17:54:00

Video