×
A
A
A
Sazlamalar

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Xırdalan, 24 iyun, Ə.Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda səyyar vətəndaş qəbulları keçirilir. Qobu qəsəbəsində təşkil olunan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, səyyar qəbulların artıq ənənə xarakter daşıdığını, hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini bildirən RİH başçısı Abdin Fərzəliyev rayonun problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırıldığını qeyd edib. Rayonda yaşayan sakinlərin sayının sürətli artımı nəticəsində yeni bağça və məktəb binalarına, tibb məntəqələrinə, əlavə infrastruktur layihələrinin reallaşdırılmasına ehtiyacın yarandığını önə çəkən icra başçısı Abşeronun kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflərin hazırlanacağını, bununla yanaşı qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində artıq bir sıra problemlərin həllinə nail olunduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Qobu sakinləri qəsəbə ərazisində yeni məktəb və bağça binalarının, tibb məntəqəsinin tikilməsində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin sayının artırılmasında, yeni yaşayış massivlərinin qazlaşdırılmasında, işlə təmin olunmada, marşrut avtobuslarının sayının artırılmasında və qət etdikləri məsafənin uzadılmasında, içməli suyun verilmə müddətinin artırılmasında, idman kompleksinin tikilməsində, şəhidlərin adlarını daşıyan küçələrin abadlaşdırılmasında kömək göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılıb, həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

X X X

Abşeron rayonunun Qobu qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Şəhidlər xiyabanının açılış mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edilib ki, Qobu qəsəbəsindəki Şəhidlər xiyabanı 31 Mart - Azərbaycanlıların soyqırımı zamanı, İkinci Dünya müharibəsi, Birinci Qarabağ müharibəsi, 2016-cı ildə baş vermiş Aprel döyüşləri və Vətən müharibəsində şəhid olan qobuluların xatirəsini əbədiləşdirmək məqsədi ilə ucaldılıb.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək mənfur düşmən üzərində Qələbə qazanıb, 30 illik Vətən həsrətinə birdəfəlik son qoyulub. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən Vətən müharibəsinin hər döyüşündə uğurlu hərbi əməliyyat keçirib, düşmən üzərində böyük Zəfər qazanıb, ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri soyqırımı və hərbi cinayətlərin, şəhidlərimizin qisası döyüşdə, cəng meydanında alınıb. Bundan sonra da düşmən tərəfindən hər hansı bir hərbi təxribata cəhd olarsa, güclü ordumuz tərəfindən onların qarşısı dərhal alınacaq.
Sonra çıxış edən qəsəbə ağsaqqalları və şəhid ailələri Şəhidlər abidəsinin inşasından danışaraq, ölkəmizdə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif layihələrin icra olunduğunu, abidənin yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Daha sonra RİH başçısı şəhid ailələri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri və qazilər ölkəmizdə dövlət səviyyəsində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

X X X

Azərbaycan xalqının Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda” medalına layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun adını əbədiləşdirmək məqsədi ilə əvvəllər yaşadığı Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa olunan abidə-bulaq kompleksinin açılışı keçirilib.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı çıxış edərək Azərbaycan xalqının qazandığı Qələbədən, ordumuzun gücündən, müharibə vaxtı hərbçilərimizin həyata keçirdiyi və qarşısıalınmaz hərbi əməliyyatlardan, igidlərimizin göstərdiyi şücaətlərdən danışılıb, işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük abadlıq-quruculuq işlərindən söz açıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qısa zamanda soydaşlarımız dədə-baba yurdlarına tezliklə geri dönəcəklər. Artıq bir-birinin ardınca rayonlarımızın, kəndlərimizin yenidən qurulduğunu, öz sakinlərinin yolunu gözlədiyini qeyd edən icra başçısı ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, Azərbaycan Ordusunun düşmənin bütün təxribatının qarşısını almağa daim hazır olduğunu diqqətə çatdırıb.
Abdin Fərzəliyev respublikamızda, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini və bu qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Sonra çıxış edən şəhidin valideynləri onlara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini bildirib, buna görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra məktəblilər Vətənə, Qələbəyə aid şeirlər səsləndiriblər. Din xadimləri dualar oxuyub, ehsan süfrəsi açılıb.

X X X

Düşmən üzərində Zəfər qazandığımız Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən şəhid Baş leytenant Ələkbərov Röyal Fərmayıl oğlunun 26-cı doğum günü qeyd olunub.
Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
II Fəxri xiyabanda uyuyan şəhidimizin məzarı ziyarət edilib, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid Röyal Ələkbərovun əvvəllər yaşadığı və rayonun Masazır kəndində yerləşən evinə gələrək onun ailə üzvləri ilə görüşüb, qayğıları və problemləri ilə maraqlanıb. İcra başçısı ailəyə bundan sonra da diqqət və qayğının daimi olaraq göstəriləcəyini qeyd edib.
Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayıblar.

Regionlar 2022-06-24 17:50:00