×
A
A
A
Sazlamalar

BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb

Bakı, 24 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, mütəxəssislərin iştirak etdikləri açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edib. E.Babayev bildirib ki, universitetin qarşıya qoyduğu əsas məqsədlərdən biri də təhsil və elmin təcrübə ilə əlaqələndirilməsi və müxtəlif sahələr üzrə beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Yeni yaradılan mərkəz məhz bu istiqamətdə fəaliyyət göstərəcək. Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi 24 saat açıq olacaq. Burada tələbələr elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparacaq, tədris prosesində əldə etdikləri bilikləri daha da təkmilləşdirəcəklər. Mərkəz BDU-nun tələbələri ilə yanaşı, digər ali məktəblərin tələbələrinə də xidmət göstərəcək. “Burada tələbələr astronomik müşahidələrlə yanaşı, həm də müxtəlif kimyəvi reaksiyalar apara bilərlər. Mərkəzdə ən müasir teleskop, elektron meteostansiya, günəş lövhələri quraşdırılıb. Hər şey tələbələr, onların elmi yaradıcılıq potensialının aşkara çıxarılması üçündür”, -deyə rektor bildirib.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, tələbələrin müxtəlif elm sahələri üzrə müzakirə və təcrübə apara bilmələri üçün belə mərkəzlərin yaradılması zəruridir. Bu tip mərkəzlərin olması universitetlərin “Tədqiqat universiteti” statusu alması üçün də əsas şərtlərdən biridir. O, BDU-nun “Tədqiqat universiteti” statusu almağa ən potensial namizəd olduğunu vurğulayıb. “BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin, müxtəlif elmi-tədqiqat laboratoriyalarının yaradılması universiteti “Tədqiqat universiteti” statusuna daha da yaxınlaşdıracaq”, - deyə N.Məmmədli əlavə edib.
Qeyd edək ki, mərkəzdə elektronika, materialşünaslıq və kimya mühəndisliyi, informasiya texnologiyaları, proqramlaşdırma və süni intellekt təlimi, mexanika, mexatronika və robototexnika mühəndisliyi, ekologiya mühəndisliyi, astrofizika və kosmik elmlər istiqamətləri üzrə dərnəklər fəaliyyət göstərəcək. Mərkəzdə tələbələrin astronomik hadisələri izləmələri və gələcəkdə tədqiqatlar apara bilmələri üçün Şmidt-Kassegren teleskopu alınıb. Teleskopun diametri 23 sm-dir.
Eyni zamanda, mərkəzdə gecə vaxtı səmanı və meteoselləri izləmək üçün tam-səma kamerası quraşdırılıb. Kamera 180 dərəcəlik görüntü qabiliyyətinə malikdir.


Elm və təhsil 2022-06-24 17:28:00