×
A
A
A
Sazlamalar

NDU ilə Ərzurum Atatürk Universiteti Xəstəxanası arasında əməkdaşlıq əlaqələri genişlənir

Naxçıvan, 24 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti Xəstəxanası arasında birgə əməkdaşlığa dair müzakirələr aparılıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev Ərzurum Atatürk Universitetinin nümayəndə heyətinə artıq 23 ildir universitetdə fəaliyyət göstərən Tibb fakültəsi və mövcud ixtisaslar haqqında məlumat verib. Bildirilib ki, yüksək dövlət qayğısı ilə əhatə edilən universitet Azərbaycan ali təhsil məkanında Tibb fakültəsi olan yeganə universitetdir.
Rektor diqqətə çatdırıb ki, NDU-nun universitet xəstəxanasında professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur. Burada çalışan həkimlər və tibb işçiləri peşəkar tibbi kadrların hazırlanmasına öz töhfələrini verməklə yanaşı, insanların sağlamlığının qeydinə qalırlar. Bundan başqa, gələcəyin həkimləri muxtar respublikanın xəstəxanalarından klinik baza kimi yararlanırlar.
Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının baş həkimi, professor Fuat Gündoğdu universitetin rektoru adından iştirakçıları salamlayıb, muxtar respublikada ilk dəfə təşkil olunan I Beynəlxalq Tibbi Forumun yüksək səviyyədə təşkilatçılığından söhbət açıb. Professor xəstəxana haqqında məlumat verərək qeyd edib ki, 1978-ci ildə Ərzurumda Universitet Xəstəxanası fəaliyyətə başlayıb. Səhiyyə müəssisəsi 12 əyalətdə 4,5 milyon insana sağlamlıq xidməti göstərir. Bundan əlavə, sağlamlıq mərkəzi Sağlamlıq Elmləri fakültəsi və Sağlamlıq Peşə Məktəbinin tələbələri və Tibb fakültəsinin ixtisas tələbələrinin təlim və təcrübələrinə də ev sahibliyi edir.
Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə birgə əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
Sonra NDU-nun universitet xəstəxanasında tanıtım videoçarxı nümayiş olunub, Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanası həkimlərinin müxtəlif mövzularda çıxışları dinlənilib.

Regionlar 2022-06-24 17:01:00